
#TECləSivilizasiyaGəlir

Sədr
Mirzəzadə Yusif Emin oğlu 09 mart 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 2011-ci ildə Naxçıvan şəhər Ə.Ağayev adına 8 saylı tam orta məktəbin I sinfinə daxil olub. Təhsil aldığı dönəmdə Respublika Fənn Olimpiadaları və İntellektual yarışlara qatılaraq Naxçıvanı təmsil edib. 9 illik ümumi orta təhsili fərqlənmə attestatı ilə başa vurub. 2023-cü ildə həmin məktəbin XI sinfini əla qiymətlərlə bitirib. Ali təhsil müəssisələrinə qəbul imtahanında ümumilikdə 614 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasına dövlət sifarişli əsaslarla qəbul olub. Azərbaycan Respublikası Elm və təhsil nazirinin 21 iyul 2023-cü il tarixli 3-29/3-2-466F/2023 saylı əmri ilə ümumi orta təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə "Gümüş Nişan"la təltif olunub. I kursdan könüllülük proqramlarına qoşulub. Sosial-ictimai fəaliyyətinə görə 2023-cü ildə NDU-nun Beynəlxalq münasibətlər və hüquq fakültəsinin TGT sədri, ardınca isə NDU TGT sədrinin müavini seçilib. Səmərəli fəaliyyətinə görə 9 fevral 2024-cü ildə ATGTİ sədri tərəfindən "İlin TGT fəalı" nominasiyası üzrə mükafatlandırılıb. Sosial-ictimai fəaliyyətinə görə 5 mart 2024-cü il tarixdə "Femida Könüllüləri" Təşkilatı sədri tərəfindən "Femida Könüllüləri" Təşkilatı Naxçıvan nümayəndəliyinə rəhbər təyin olunub. AR Ali Məhkəməsi, AR Baş Prokurorluğu, AR Vəkillər Kollegiyası, AR Ədliyyə Nazirliyi, AR Gənclər Fondu, NMR-da AR Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və digər dövlət orqanları tərəfindən keçirilən mübadilə proqramları, konfranslar, müsabiqələr və yarışlarda Naxçıvanı və NDU-nu təmsil edib. İndiyə qədər 11-i akkreditə olunmuş beynəlxalq sertifikat olmaqla, dövlət orqanları tərəfindən 30-a yaxın diplom və sertifikatla təltif olunmuşdur. 15 fevral 2025-ci il tarixdə "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin fəaliyyətinin səmərəli təşkilindəki roluna görə "İlin Femida Könüllüsü" adına və mükafatına layiq görülüb. NDU-nin Elmi Şurasının qərarına əsasən təhsilində əldə etdiyi yüksək nəticələrə və ali məktəbin ictimai-mədəni həyatındakı xüsusi fəallığına görə 3 dəfə "Heydər Əliyev" adına Tələbə Təqaüdünə layiq görülüb. 2023-2025-ci illərdəki sosial-ictimai və elmi fəaliyyəti nəzərə alınaraq 29 yanvar 2025-ci il tarixdə NDU rektoru tərəfindən "İlin Tədqiqatçı Tələbəsi" adına layiq görülüb, NDU Elmi Şurasının yekdil qərarı ilə NDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri seçilib. 18 elmi, 35 ictimai-siyasi məqalənin müəllifidir. H-indeksi 4-dür. Elmi məqalələri AR Prezidenti yanında AAK tərəfindən dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyə olunan jurnallarda və bir sıra yüksək impakt faktorlu xarici jurnallarda və konfranslarda (Özbəkistan, Fransa, Yaponiya, Finlandiya, Türkiyə və.s), ictimai-siyasi məqalələri isə AzərTAC, NMR Ali Məclisinin rəsmi mətbu orqanı olan "Şərq Qapısı" qəzeti, NUHÇIXAN, "İki sahil" qəzeti, "Yeni fikir" qəzeti və bir sıra digər nüfuzlu mətbuat orqanlarında dərc edilib. 2023-2025-ci illərdə yerli media orqanlarına ictimai mövzularda və hüquqşünas kimi 20-ə yaxın müsahibə vermiş, Naxçıvan Dövlət Televiziyasında bır sıra proqramlarda qonaq qismində iştirak etmişdir. 2025-ci ildən NDU-nun "Tələbə Hüquq Jurnalı"nın baş redaktorudur. Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti üçün rəsmi Tələbə Elmi Cəmiyyəti veb-saytı yaratmışdır. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə AR Milli Məclisinin "Gənclər və İdman" Komitəsi tərəfindən təltif olunmuşdur. 2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda ali təhsil müəssisə tələbələri üçün köməkçi vəsait kimi "Hüquq Nəzəriyyəsi Sxemlərdə" adlı kitabın və 3 elmi məqalənin üzərində çalışır.